Blog və xəbərlər

Şirkətimiz həmişə müştərilərin seçiminə əsaslanır, buna görə də biz müştərilərimizin rahatlığı üçün əlimizdən gələni edirik.

Son illərin tədqiqatlarına görə hazırda dünyada ilanların 12 fəsiləni əhatə edən 3400-ə qədər növü məlumdur. Bunlardan Azərbaycanda 4 fəsiləyə aid olan 30 növ yayılmışdır: korilanlar, yatağanlar, suilanları və gürzələr.


Korilanlar fəsiləsinə gözləri dərinin altında yerləşən, dişləri olmayan kiçik ilanlar daxildir. Onların bədəni kiçik və hamar pulcuqlarla örtülmüşdür. Azərbaycanda qurdvari kor ilancıq yayılıb. Bədən uzunluğu 400 mm-ə qədərdir. Xarici görünüşünə görə soxulcana bənzəyir. Qısa quyruğunun ucunda kiçik tikancıq yerləşir. Ağız başın alt tərəfində yerləşir. Torpaqda yaşayır, qazıcı həyat keçirir. Yerin səthinə yalnız yağışdan sonra və qaranlıqda çıxır.

Yatağanlar fəsiləsinin növləri tropik və subtropik ölkələrdə yayılıb. Ən iri ilanlar hesab edilən uzunluqları 11 metrə çatan anakondalar və uzunluqları 10 m olan pitonlar bu fəsiləyə aiddir. Azərbaycanda bu fəsiləyə aid bir növ – qərb yatağanı yayılıb. Fəsilənin ən kiçik növlərindən biridir.

Suilanları fəsiləsi. Müasir ilan növlərinin yarısı suilanları fəsiləsinə daxildir. Bunlar arasında həm zəhərsiz, həm də zəhərli növlər var. Bu fəsiləyə yerüstü, ağac, qazıcı, yeraltı və yarımsu həyat tərzi keçirən növlər daxildir. Azərbaycanda suilanları fəsiləsinə aid olan 20 növ ilan yayılıb: adi suilanı, suilanı, iribaş suilanı, qarabaş rinxocalamus, xaltalı eyrenis, nöqtəxətli eyrenis, dinc eyrenis, adi qonurilan, rəngbərəng təlxə, qurğuşunrəngli təlxə, qırmızıqarın təlxə, sarıqarın təlxə, zeytuni təlxə, naxışlı təlxə, pallas təlxəsi, Cənub Qafqaz təlxəsi, İran təlxəsi, kələz ilanı, oxvari qumilanı, qafqaz dailanı.

Gürzələr fəsiləsinə zəhərli ilanlar daxildir. Gürzələr ən mükəmməl zəhər aparatına malikdirlər. Azərbaycanda gürzələr fəsiləsinə aid olan 8 növ yayılmışdır: adi qalxansifət, Levantiya irigürzəsi, Radde gürzəsi, Şamaxı gürzəsi, İrəvan gürzəsi, Dinnik gürzəsi, Lotievi gürzəsi, Hirkan və ya Elbrus gürzəsi.

İlanları digər canlılardan fərqləndirən əsas əlamətlər.

İlanlar onurğalı heyvanlardır. Bədənləri xaricdən pulcuqlarla örtülmüşdür, atmofer havası ilə tənəffüs edir, yumurta qoymaqla çoxalırlar və bədən temperaturları dəyişkəndir. İlanlar öz mənşəyini kərtənkələlərin qədim qruplarında götürmüşlər. Ilanlarda göz qapaqları yoxdur və göz xaricdən hərəkətsiz, şəffaf qişa ilə örtülmüşdür. Xarici qulaq dəliyi və təbil pərdəsi yoxdur. Ətraflar, ətraf qurşaqları və döş sümüyü atrofiya etmişdir. İlanların hamısı öz ovlarını bütöv udur. İri şikarı tutmağa və udmağa uyğunlaşma ilə əlaqədar olaraq ilanlarda kəllənin quruluşunda bəzi dəyişikliklər əmələ gəlmişdir. Onlarda çənə sümükləri bir-birinə elastiki bağlar vasitəsi ilə birləşdiyindən, ağızlarını geniş aça bilirlər. Ovlarını udarkən, alt çənənin sağ və sol hissələri irəli və geri hərəkət edir, adama elə gəlir ki, ilan şikarı deyil, şikar ilanı udur. Həmçinin ilanlarda qapalı döş qəfəsinin olmaması, onlara iri ovu udmağa imkan yaradır. Iti dişlərin ucları geriyə əyildiyi üçün yem yalnız içəriyə ötürülə bilir. İlanların hərəkət xüsusiyyəti ilə əlaqədar olaraq fəqərələrin sayı çoxdur (141-435-ə qədər). Ağciyərin sağ hissəsinin yaxşı inkişaf etməsi (sol hissə olmur və ya rudimentdir), sidik kisəsinin olmaması, böyrəklərin və cinsiyyət vəzilərinin çox uzun olması da ilanlar üçün səciyyəvidir.

Zəhərli ilanları zəhərsiz ilanlardan fərqləndirən xarici əlamətlər bunlardır: Ilanlar zəhərli, zəhərsiz və yarızəhərli olmaqla üç qrupa bölünürlər. Ilanların böyük əksəriyyəti zəhərsizdir və şikarlarını mexaniki təsirlə, güclü əzələləri vasitəsilə boğaraq öldürür, sonra udur. Zəhərli ilanlar isə ovlarını zəhər dişləri ilə sancaraq öldürüb udurlar. Zəhər vəziləri şəkilini dəyişmiş tüpürcək vəziləridir. Zəhər vəzilərinin mexaniki yığılması nəticəsində, burada əmələ gələn zəhər zəhərçıxarıcı kanala, oradan isə bir cüt novlu və ya borulu zəhər dişlərinə axır. Zəhərli ilanların başı girdə-üçbucaq formada olub, boyun hissədən aydın şəkildə ayrılır. Baş hissəsi üst tərəfdən çox saylı xırda pulcuq və ya qeyri-düzgün formalı xırda qalxancıqlarla örtülü olur. Zəhərsiz ilanlardan fərqli olaraq, zəhərli ilanların bədəni yoğun, quyruğu isə qısadır. Üst çənə sümüyünün ön hissəsində boruşəkilli iri zəhər dişləri var. Yarımzəhərli ilanlarda əsl zəhər aparat və zəhər hazırlayan xüsusi vəzilər yoxdur. Lakin, bunlarda üst çənə sümüyünün arxa tərəfində şırımlı zəhər dişləri və zəhərli tüpürcəyi olduğundan, bu növlər yarımzəhərli hesab edilir. Yarımzəhərli ilanların insanı sancması təhlükəli deyil. Bu zaman dişlənən nahiyə qızarır, şişir, yalnız yerli zəhərlənmə baş verir.
Zəhərli ilanla yazda, yayda və payızın əvəllərində rastlaşmaq olar. İlanla rastlaşdıqda sakitcə ondan uzaqlaşmaq lazımdır. İlanlar səbəbsiz yerə sancmır və hücum etmir. İlanı tutmaq və ya onu qıcıqlandırmaq qətiyyən olmaz. Açıq ərazilərdə gəzinti zamanı uzun çubuq vasitəsilə gedəcəyiniz yeri yoxlamaq lazımdır. Buradakı daşların üzərinə oturmaq və ya əllə daşları qaldırmaq olmaz.

Zəhərsiz ilanlar: qurdvari korilancıq (Typhlops vermicularis Merrem, 1820), qərb yatağanı (Eryx jaculus Linnaeus, 1758), adi suilanı (Natrix natrix Linnaeus, 1758), suilanı (Natrix tessellata Laurenti, 1768), iribaş suilanı (Natrix megalocephala Orlov et Tuniev, 1987), qarabaş rinxokalamus (Rhynchocalamus melanocephalus Jan, 1862), xaltalı eyrenis (Eirenis collaris Menetries, 1832), dinc eyrenis (Eirenis modestus Martin 1838), nöqtəxətli eyrenis (Eirenis punctatolineatus Boettger 1892), zeytuni təlxə (Platyceps najadum Eichwald, 1831), naxışlı təlxə (Elaphe dione Pallas, 1773), Pallas təlxəsi (Elaphe sauromates Pallas, 1814), Cənubi Qafqaz təlxəsi (Zamenis hohenackeri Strauch, 1873).

Yarımzəhərli ilanlar: rəngbərəng təlxə (Hemerrhois ravergieri Menetries, 1832), qurğuşunrəngli təlxə (Hemerrhois nummifer Reuss, 1834), sarıqarın və ya Xəzər təlxəsi (Dolichophis caspius Gmelin 1779), adi qonurilan (Coronella austriaca Laurenti, 1768), qırmızıqarın təlxə (Dolichophis schmidti Nikolsky, 1909), Çuxurbaşlı kələzilanı (Malpolon monspessulanus Hermann 1804), Qafqaz damilanı (Telescopus fallax Fleischman, 1831), Oxvari qumilanı (Psammophis lineolatus Brandt, 1838), İran təlxəsi (Zamenis persica Werner, 1913)

Zəhərli ilanlar: Pallas qalxansifəti (Gloydius halys Pallas, 1776), Levantiya nəhənggürzəsi (Macrovipera lebetina Linna., 1758), Radde gürzəsi (Montivipera raddei Boettger, 1890), Şamaxı gürzəsi (Pelias shemakhensis sp.), İrəvan gürzəsi (Pelias eriwanensis Reuss, 1933), Dinnik gürzəsi (Pelias dinniki Nikolsky, 1913), Lotievi gürzəsi (Pelias lotievi Nilson et al., 1995 ), Hirkan və ya Elbrus gürzəsi (Pelias ebneri Knoeppfler et Sochurek, 1995).

İlan zəhəri tibbi-əzcaçılıq sənayesi üçün xammal kimi. Ilan zəhəri tibbi-əczaçılıq və kosmetika sənayesində qiymətli tibbi xammal kimi geniş şəkildə istifadə olunur. Məhz buna görə qədim zamanlardan ilan təsviri tibbin rəmzi hesab edilir. Bir çox əsrlər ərzində insan, ilan zəhəri vasitəsilə müalicə metodlarını tədqiq etmişlər. Hazırda müvafiq işləmələrdən sonra ilan zəhəri tibbdə müalicə vasitəsi kimi istifadə olunur. Kimyəvi tərkibinə görə ilan zəhəri olduqca mürəkkəbdir. Onun tərkibində zülallar, amin turşuları, yağ turşuları, fermentlər (hidrolazalar, proteazalar, nukleazalar, fosfonukleazalar, katalazalar, oksidazalar) və mikroelementlər var. O radikulit, işias, revmatizm, epilepsiya, bronxial astmanın və bir sıra digər xəstəliklərin müalicəsində istifadə olunur. Bügün ilan zəhəri əsasında hazırlanan dərman vasitələri yalnız iynə və məlhəm (maz) şəkilində istehsal olunur. Hazırda tibbdə 30 növdən çox ilanın zəhəri istifadə olunur. Ilan zəhəri almaq üçün Cənubi Afrikada, Cənub Amerikada və tropik Asiyada xüsusi pitomniklər təşkil olunmuşdur. Bu pitomniklərdə kobra, çöl gürzəsi, əfi və qalxansifət kimi zəhərli ilanlar saxlanılır. Ilanlar xüsusi qəfəslərdə və ya volyerlərdə tutulur. Gürzədən bir dəfəyə ortalama 0,1-0,4 qr və hətta 0,4 qr-a qədər quru zəhər alınır.

Zəhərli ilan sancmış insana göstərilən ilk tibbi yardım: Zəhərli ilanın sancdığı insanın dərisində zəhər dişlərinin yeri iki qanlı nöqtə şəkilində qalır. İlan sancmış insana ilk tibbi yardım, zəhərin orqanizmdə yayılma sürətini azaltmaq üçün zərərçəkənin hərəkətsizliyi təmin etməkdir. Daha sonra sorucu vasitələrin köməyi ilə qandakı zəhəri birbaşa sormalı, zədələnmiş nahiyəyə soyuq kompress qoyulmalıdır. Zərərçəkəni kip geyimdən azad edib, yaradan bir neçə santimetr yuxarı və aşağı nahiyəni parça sarğı ilə boş şəkildə sarımaq lazımdır. Zərərçəkənə spirtli içki və yemək vermək olmaz. Daha sonra zərərçəkən təcili olaraq xəstəxanaya və ya tibb məntəqəsinə çatdırılmalıdır ki, burada ona zəhərə qarşı zərdab vurulsun.

İlanlardan qorunmaq üçün profilaktik tədbirlər.
İlanlar əsasən kolluq, quru daşlıq ərazilərdə, gəmiricilər, kərtənkələ, quşlar yaşayan gizlənmək üçün əlverişli olan müxtəlif sığınacaqlar olan yerlərə üstünlük verirlər. Ona görə də aşağıdakı profilaktik təbdirlərə riayət etmək lazımdır.

  • Ərazidəki müxtəlif növ tullantılar yığışdırılmalı, otlar qısa kəsilməlidir.
  • Ərazidə gəmiricilərin yaşamasına şərait yaratmamalı. İlanlar bu heyvanlarla qidalanır və yuvalarında isə gizlənirlər.
  • Əgər ərazidə ilanların gizlənməsi üçün əlverişli yerlər varsa, bu yerlər kəskin qoxusu olan ilanqovucu vasitələrlə işlənməlidir.
  • İlanlar bir çox qoxulara öyrəşə bildiyi üçün və qoxu zuzn müddət qalmadığı üçün ilan qovucu vasitələr növbələşdirilməli, həm də ən azı hər 7-10 gündən bir təkrarlanmalıdır.
  • İnsan çalışan qapalı yerlərə insan üçün zərərli olmayan kəskin qoxulu maddələr səpilə bilər.
     

AMEA ZOOLOGİYA İNSTİTUTU
b.ü.f.d. Bünyatova Səbinə Nizami qızı